İçərişəhər Muzey Mərkəzi
"İçərişəhər" Muzey Mərkəzi — Azərbaycanın aparıcı muzey mərkəzlərindən biri. Muzey Mərkəzi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxildir.
İçərişəhər Muzey Mərkəzinin əsas məqsədi qədim tarixə malik İçərişəhərdə yerləşən Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, hamamlar (Bəylər məscidi, Sıratağlı dini-memarlıq kompleksi), Bakı xanlarının evi, Qala kəndinin memarlığını, məişətini, mədəniyyətini, siyasi, tarixi əlaqələrini öyrənmək, qədim dövrlərə aid maddi-mədəniyyət abidələrini toplamaq, mühafizə və təbliğ etməkdir. Mərkəz qoruqların ərazisində yerləşən abidələr kompleksində beynəlxalq konfranslar, simpoziumlar, tematik gecələr, teatrlaşdırılmış muzey tədbirləri həyata keçirir.
"İçərişəhər" Muzey Mərkəzinin fondları neqativ, tətbiqi-sənət, numizmatika, nadir kitablar, sənədlər, foto, qrafika, arxeologiya fondlarından ibarətdir.
== Mərkəz haqqında ==
"İçərişəhər" Muzey Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 dekabr 2018-ci il tarixli 558 saylı qərarı ilə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Şirvanşahlar sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq muzeyi, "İçərişəhər" tarixi muzeyi və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında yaradılmışdır."İçərişəhər" Muzey Mərkəzində daimi və səyyar ekspozisiyalar təşkil olunur, innovativ, müasir texnologiya və avadanlıqlar vasitəsi ilə təqdimatlar keçirilir.
== Mərkəzin muzeyləri və abidələr kompleksi ==
Mərkəzin muzeyləri və abidələr kompleksi Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar sarayı qədim şəhərdə dominant rol oynayır. VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında rol oynamışdır."İçərişəhər" Muzey Mərkəzinin nəzdində Şirvanşahlar sarayı üzrə ekspozisiyalar nümayiş edilir. Saray "Xəzərin mirvarisi", "Yatmış qu quşu", "Daşlar üzərində donub qalmış simfoniya" kimi adları qazanmışdır. Hazırda 0,5 hektar sahəni tutan saray kompleksinin vaxtilə daha böyük ərazisi olmuşdur.